Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycan dilində mədəni nitqin inkişaf etdirilməsi yolları” adlı seminar keçirilib.
"Unikal" xəbər verir ki, ATMU-nun Dillər kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirə ali təhsil müəssisəsinin professor-müəllim heyəti və bir qrup tələbəsi qatılıb.
Filologiya üzrə elmlər doktoru Ağaverdi Xəlilovun çıxışında klassik xalq deyimlərinin internet şəbəkəsində istifadə və kommunikasıyanın inkişafı məsələlərinə münasibət bildirilib.
Filologiya üzrə fələsəfə doktoru Mehriban Allahquluyeva “Ana dilində lüğət tərkibinin zənginləşdirilməsi yolları”adlı məruzəsində lüğət bazasının formalaşmasında semantik söz qrupları, intonasiya və diksiyanın inkişafında səsli mütaliə, sinxron nitq çalışmalarının rolu və s. məsələlərdən danışıb. Kafedranın baş müəllimi Almaz Zöhrabova isə “Mədəni nitqin inkişafında fonetik normanın rolu”ndan bəhs edərkən düzgün tələffüz və yazının başlıca xüsusiyyətlərinə münasibət sərgiləyib.
Gənclər arasında nitqin formalaşdırılmasında texnoloji asılılıq, oxuma qabiliyyətinin itirilmə təhlükəsi və əcnəbi sözlərdən geniş istifadənin nitq mədəniyyətinə mənfi təsirindən danışan ATMU-nun Dillər kafedranın müəllimi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin dissertantı Günel Həbibova iştirakçı tələbələrə şifahi nitqin norma və qaydalarına qayğı ilə yanaşmalarlnı tövsiyyə edib.