Cümə axşamı Uqandanın şərqindəki şəlalələrə səyahətdən qayıdarkən baş verən avtobus qəzasında iyirmi məktəbli həlak olub.

"Unikal" xəbər verir ki, hökumət cümə günü faciə ilə əlaqədar bütün məktəb ekskursiyalarına qadağa qoyduğunu elan edib. Bu hadisə kədər dalğasına və təhlükəsizlik standartlarının yaxşılaşdırılması tələbləri yer alan onlayn mesajların yayılmasına səbəb olub.

“Reuters” yazır ki, polisin “X” platformasında verdiyi açıqlamaya görə, ilkin araşdırma sürücünün idarəetməni itirdiyini, avtobusun yoldan çıxaraq böyük bir qayaya dəydikdən sonra aşdığını aşkar edib.

Uqandada yol qəzaları adi haldır və ekspertlər bunun səbəbini çox vaxt nəqliyyat vasitələrinin pis vəziyyətində və küçə işıqlandırmasının yetərli olmamasında görürlər.

Ötən ilin oktyabrında paytaxtla Qulu şəhərini birləşdirən ölkənin əsas magistrallarından birində avtobus qəzası nəticəsində 46 nəfər həlak olub.

Hökumət xəbər agentliyi cümə günü bildirib ki, təhsil naziri Xrizostom Muyingo deyib: “Bu gündən və növbəti xəbərdarlığa qədər bütün məktəb səfərləri və ekskursiyalar dayandırılır”.