"Bakı Rusiyanın Qarabağın bərpasına sərmayə qoymasını alqışlayır və Rusiya Federasiyasından şirkətlərin regiona gəlməsinə şad olacaq".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "Ria Novosti" agentliyinə müsahibəsində deyib.
Dövlətimizin başçısının sözlərinə görə, ilk investisiya layihəsini Tatarıstan həyata keçirib: "Bu, Cəbrayıl rayonundakı “KamAZ” xidmət mərkəzidir, onu Tatarıstanın rəhbəri ilə açmışıq... Ona görə də biz investisiyaları gözləyirik, həm də podratçıları sevindirəcəyik".
Ölkə lideri Türkiyənin Azərbaycanda hərbi baza yaratmaqla bağlı mətbuatda yayılan məlumatları siyasi spekulyasiya adlandırıb: "Bir sözlə, müəyyən mediada vaxtaşırı belə məlumatların yer aldığını nəzərə alaraq, cavabımı bir az da genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur".
Prezident Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşdirilməsi ilə bağlı feyk xəbərləri təkzib edərkən bildirib ki, bu gün dünyanın heç bir yerində bir hərbi baza gizlətmək demək olar ki, mümkün deyil.
İlham Əliyev xatırladıb ki, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsində təhlükə və təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var: "Bu, həm Azərbaycanın, həm də Türkiyənin öhdəliyidir ki, əgər ölkələrdən biri xarici təhlükə, xarici təcavüzlə üzləşərsə, ona kömək etmək lazımdır".
Prezident həmçinin qeyd edib ki, ölkələrimiz arasında 30 ildən artıq davam edən hərbi əməkdaşlıqda Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində, döyüş qabiliyyəti, əməliyyatların planlaşdırılması, vəziyyətin təhlili, hərbi kəşfiyyat sahəsində yüksək standartlara çatdırılmasında böyük rol oynayıb: "Biz bu cür köməyə görə türk dostlarımıza çox minnətdarıq".
Ağarza Elçinoğlu