İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə İraq Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qəbul zamanı ikitərəfli əlaqələr müzakirə edilib, bu əlaqələrin müxtəlif sahələrdə, xüsusilə iqtisadi sahədə inkişafı istiqamətində işlərin vacibliyi qeyd edilib.
N.Məmmədov İraqın dövlət başçısına minnətdarlığını bildirib, Azərbaycanın İraqla əməkdaşlıq sahələrini genişləndirmək və bütün səviyyələrdə birgə əlaqələri gücləndirmək istəyini vurğulayıb.
Qeyd edək ki, N. Məmmədov 2019-2023-cü illərdə Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyində müşavir, müvəqqəti işlər vəkili vəzifəsini tutub. 2023-cü ilin 29 avqustunda Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu ilin dekabrın 16-da isə N. Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.