Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin artıq digər cinayət işləri üzrə cəza çəkməsinə baxmayaraq, sərhədi qanunsuz keçmə işi üzrə həbs qətimkan tədbirini də qüvvədə saxlayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, dekabrın 24-də keçirilən iclasda Saakaşvilinin vəkili Beka Basilaya sərhədi qanunsuz keçmə işi üzrə məhkəmədə sübutların öyrənilməsi mərhələsi başa çatdıqdan sonra həbsin ləğvi barədə vəsatət qaldırıb. Vəkilin sözlərinə görə, həbs kimi qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdur, çünki məhkəmə tezliklə iş üzrə hökmü elan etməlidir və eks-prezident artıq həbsdədir.

Hakim Mixeil Djindjolia bildirib ki, Saakaşvilinin qaçması və ya yeni cinayət törətməsi təhlükəsi davam edir, ona görə də həbsin ləğvi ilə bağlı vəsatət ləğv edilib.

Avqustun 2-də Tbilisi Şəhər Məhkəməsi Saakaşvilinin sərhədi qanunsuz keçmə işi üzrə həbs qətimkan tədbiri seçib.