“Excelsior Hotel Baku”da Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının təşkilatçılığı ilə elmi-praktik seminar keçirilib.
"Unikal" xəbər verir ki, "Mehmanxana və restoran biznesinin aktual məsələləri" mövzusuna həsr olunan tədbirdə başlıca məqsəd peşəkar kadr hazırlığı prosesində səviyyə potensialının qorunub saxlanılmasına, sənaye nümayəndələri və işəgötürənlərin tələb-təkliflərinin nəzərə alınmasına, həmçinin hotelçilik ixtisasına tələbatın artması zəminində müvafiq fənnlərin tədrisində pedaqoq-mütəxəssis rəyinin öyrənilməsinə nail olmaq idi.
Elmi-praktik seminarda Azərbaycan Turizm və Menecment Universtitetinin (ATMU) Elmi məsələlər üzrə prorektoru İranə Əliyeva, təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarov, Elm və innovasiya şöbəsinin müdiri Nəsirullah Nəsirli, Tədris metodiki şöbənin rəhbəri Bəhruz İsgəndərov, Biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov, Turizm biznesi kafedrasının müdiri Hafiz Hüseynov, Keyfiyyət təminatı şöbəsinin əməkdaşı Alikper Rizayev, Azərbaycan Turizm Agentliyi Assosiasiyası (ATAA) sədrinin müşaviri Müzəffər Ağakərimov, ATAA idarə heyətinin sədr müavini Əhməd Qurbanov, “Excelsior Hotel Baku”, “Badamdar Hotel and Residences Baku”, “New Baku Hotel”, Peşə Təhsili Agentliyi, Azərbaycan Kooperasiya və Qərbi Kaspi Universitetlərinin səlahiyyətli nümayəndələri iştirak ediblər. Hotelçilik ixtisasının bərpasını günün tələbi kimi dəyərləndirən tədbir iştirakçıları ixtisaslı,peşəkar kadr hazırlığı prosesinə müəssisə nümayəndələrinin də cəlb olunmasını məqsədəuyğun sayıblar.
"Mehmanxana və restoran biznesinin aktual məsələləri" mövzusuna həsr olunan elmi-praktik seminarda ölkəmizin sənaye və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.