Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstandan kənarda zədələnib.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan hökumət komissiyasına rəhbərlik edən Kanat Bozumbayev açıqlayıb.
"Hazırda ilkin məlumatlara görə, ekspertlər təyyarənin Qazaxıstan Respublikasının hava məkanından kənarda zədələndiyi qənaətinə gəliblər. Müayinələr təyin edilib və molekulyar genetik ekspertiza təyin edilib", - deyə Bozumbayev bildirib.
Onun sözlərinə görə, hazırda hərtərəfli məhkəmə-tibbi, ballistik və partlayıcı ekspertizalar təyin edilib: "Ekspertiza bizə dəqiq cavablar verməlidir. Ekspertizanın nəticələrinə əsasən ictimaiyyəti - həm Qazaxıstanı, həm də dünyanı məlumatlandıracağıq. Bütün hallar barədə məlumat verəcəyik. Araşdırma zamanı beynəlxalq qaydalara və normalara riayət ediləcək. Bu, ilk növbədə Çikaqo Konvensiyası və ICAO normalarıdır".
Bozumbayev həmçinin bildirib ki, təyyarə qəzasında həlak olanların hamısının şəxsiyyəti hələlik müəyyən edilməyib. Hazırda genetik tədqiqatlar davam edir.
Ağarza Elçinoğlu