Şotlandiya və İngiltərənin bəzi şəhərlərində Yeni il tədbirləri hava şəraiti səbəbindən ləğv edilib.

"Unikal" xəbər verir ki, Edinburqda Yeni ili qarşılamaq üçün nəzərdə tutulmuş Hoqmanay tədbirləri hava şəraiti ilə bağlı narahatlığa görə ləğv edilib. Təşkilatçıların verdiyi məlumata görə, Şotlandiya ərazisində davam edən güclü külək və yağış xəbərdarlıqları Edinburqdakı bütün açıq hava tədbirlərinin, o cümlədən atəşfəşanlıq şousunun ləğv edilməsinə səbəb olub.

Bildirilib ki, Böyük Britaniyanın böyük hissəsində yeni il axşamı küləkli keçəcək. Ən güclü küləklərin gün ərzində ölkənin şimalında baş verəcəyi və buna görə də sarı hava xəbərdarlığının qüvvədə olduğu bildirilir.

Eyni zamanda, İngiltərənin Nyukasl və Qeytshed şəhərlərində keçiriləcək Yeni il atəşfəşanlıq şousu əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib. Təşkilatçılar güclü və dəyişkən küləklərin təhlükəli vəziyyət yaratdığını bildiriblər. Şura nümayəndəsi bu qərarın çətin olduğunu, lakin təhlükəsizliyin hər zaman prioritet olduğunu vurğulayıb.