Çin qrip virusları və mikoplazma sətəlcəminin səbəb olduğu tənəffüs yoluxucu xəstəliklərin ən yüksək halını yaşayır. Bu virus daha çox azyaşlılara təsir edir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pekin Uşaq Xəstəxanasının baş həkimi Van Quan deyib.

Onun sözlərinə görə, uşaqlarda infeksiyadan sonra əsas əlamət yüksək hərarətdir ki, bu da əzələ ağrısı, baş ağrısı, öskürək və boğaz ağrısı ilə müşayiət oluna bilər.

Ümumdünya Səhiyyə Təşkilatı və Çin rəsmiləri hələ fövqəladə vəziyyət elan etməyiblər.

***11:57

Çində xəstəxanaların dolmasına səbəb olan yeni insan metapnevmovirusunun (hMPV) alovlanması baş verib.

"Unikal" “Daily Mail”ə istinadən yazır ki, xəstəlik artıq yerli səhiyyə sisteminə əhəmiyyətli yük yaradıb. Patogen, ağciyərləri zədələyərək COVID-19 və qripə bənzər simptomlar yaradır.

“Hazırda Çin yüksək hazırlıq vəziyyətindədir, çünki ölkə boyunca qripə bənzər simptomlarla COVID-19-u xatırladan yeni virus haqqında məlumatlar daxil olur”, – məqalədə qeyd olunub.

“Daily Mail” qeyd edib ki, xəstəxanalara üşütmə, öskürək, boğazağrısı, həmçinin zəiflik və başgicəllənmə ilə xəstələr gətirilir. Eyni zamanda, Çində qrip A, mikoplazma pnevmoniyası və koronavirus kimi digər respirator viruslar da yayılır.

Bununla əlaqədar tibb mütəxəssisləri iqtidar və sakinləri yoluxma riskini azaltmaq üçün maska istifadəsi və müntəzəm əl dezinfeksiyası da daxil olmaqla şəxsi təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırlar.