Mərdəkanda kriminal avtoritet kimi tanınan "Amin Mərdəkanski"ni tüfənglə qətlə yetirməkdə təqsirləndirilən Ruhulla Abdullazadənin cinayət işi üzrə məhkəmə başlayıb.

"Unikal"ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Sonra məhkəmə baxışının təyin edilməsi ilə bağlı qərar qəbul olunub və ilkin baxış iclası yanvar ayının 13-nə təyin edilib. 

Qeyd edək ki, hadisə ötən ilin  avqust ayının 7-də saat 20:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğulunun qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruhulla Abdullazadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Seymur Əli