Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib ki, Aleksandr Lukaşenko Rusiyanın Ukraynaya müdaxiləsinin əvvəlində Ukrayna prezidenti Volodimir Zelenskidən heç bir üzr istəməyib.
"Unikal" xəbər verir ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Leks Fridmana müsahibəsi zamanı Lukaşenkonun “xüsusi əməliyyatın birinci və ya ikinci günü” ondan üzr istədiyini deyib. Onun sözlərinə görə, Belarus rəhbəri Ukraynaya zərbələrin endirilməsi barədə göstəriş vermədiyini bildirib və həmçinin deyib: “Üzr istəyirəm. İnanın, Volodya, mən göstəriş verməmişəm. Mən vəziyyətə nəzarət etmirəm, bunu edənlər sadəcə raketlərdir, Putindir”.
“Belarus prezidenti Zelenskidən üzr istəməyib, ona görə ki, üzr istəməyimiz üçün heç bir əsas yoxdur”, - deyə Natalya Eysmont vurğulayıb.
Eysmont bildirib ki, müharibənin əvvəlində dövlət başçıları arasında dialoq prezidentin oğlu Nikolay Lukaşenkonun reaksiyası sayəsində baş tutub. Telefon danışığı zamanı Belarus prezidenti Zelenskini qarşıdurmaya son qoymağa çağırıb, çünki o, “insanların ölümünə görə hamıdan çox cavab verməli olacaq” deyib.
“Buna görə də prezidentimiz Zelenskini danışıqlar masası arxasına oturmağa çağırıb, bu, həyata keçirilib: üç raund Belarusda, sonra isə İstanbulda danışıqlar aparılıb”, - sözçü əlavə edib.