Rusiya ilə Türkiyə qarşı-qarşıya
21:38 20-07-2013
İQTİSADİYYAT
Rusiya ilə Türkiyə qarşı-qarşıya
“Hərbi baza yaradılsa, Azərbaycan münaqişənin həlli üçün real addımlar ata bilər”
1992-ci ilin mart ayında yaranan ATƏT-in Minsk Qrupu neçə ildir ki, Qarabağ münaqişəsinin nizamlanmasına dair öhdəliklərini yerinə yetirmir. 20 ildən çoxdur Minsk Qrupunun vasitəçilik missiyasını layiqincə yerinə yetirə bilməməsi haqlı olaraq Azərbaycan tərəfinin etirazlarına səbəb olur. Bu mənada xarici işlər naziri Elmar Məmmədyarovun Minsk Qrupunun fəaliyyətindən Azərbaycanın narazı olduğunu deməsi haqlı mövqenin nümayiş etdirilməsidir.
ATƏT-in Minsk Qrupunun münaqişə regionlarına səfərləri və bundan sonra ənənəvi açıqlamalar verməsi artıq bu təşkilatın konfliktin tənzimlənməsindəki vəzifələrini şübhə altına alır. Buna görə də Qarabağ probleminin həllinə dair yeni format və ideya axtarışlarına start verilməsi gündəmə gəlib. Son zamanlar isə qonşu Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin çözümündə aktivlik göstərməsi yeni formatın başlanğıcı hesab oluna bilər. Belə ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsini bir müddət öncə müzakirə etməsi qonşu ölkənin problemin həll olunmasındakı marağından xəbər verir. Bundan başqa bir neçə gün öncə Azərbaycanda səfərdə olan Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun müharibə başlayacağı təqdirdə də ölkəsinin Azərbaycana hərbi yardım edə biləcəyi ilə bağlı açıqlama verməsi maraq doğurmaya bilməz. Türk nazirin bu bəyanatından sonra Türkiyənin Azərbaycanda hərbi baza aça bilməsi məsələsi gündəmə gəlib.
““Qoşulmama Hərəkatı” ndan çıxmaq olar”
Məsələ barədə modern.az-a danışan Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün bir neçə parametrin olması vacib və əhəmiyyətlidir. Fikirlərini əsaslandıran siyasi ekspert hesab edir ki, bu faktorun əsas şərtlərindən biri ölkənin güclü iqtisadi və hərbi potensialının olmasıdır. “Bundan başqa digər mühüm amil ölkənin müttəfiqinin olmasıdır. Məlumdur ki, Türkiyə əvvəldən bizimlə strateji müttəfiq dövlətdir. Nəzərə alsaq ki, işğalçı Ermənistanda Rusiyanın hərbi bazasının olduğu təqdirdə Azərbaycanda belə bir baza yoxdur”.
Lakin Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsi məsələsi bəzi suallar üzərində düşünməyə əsas verir. Çünki Azərbaycan heç bir hərbi blokda yer almayacağına dair 2011-ci ildə “Qoşulmamaq Hərəkatı” na tamhüquqlu üzv seçilib.
Qeyd edək ki, bu hərəkat ölkələri hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Bu haqda suallarımızı cavablandıran analitik qeyd edib ki, Azərbaycanın həqiqətən də bundan sonra hərbi birliklərdə yer alması mürəkkəb məsələyə çevrilib. “Ancaq Əhməd Davudoğlunun Azərbaycana səfərindən sonra Türkiyənin Azərbaycanda hərbi baza yaratması məsələsi aktuallaşıb. Bunu həyata keçirmək üçün isə müəyyən hüquqi baza da lazımdır. İlk növbədə “Qoşulmamaq Hərəkatı” ilə bağlı Azərbaycanın mövqeyində dəyişiklik ola bilər. Çünki bu təşkilatın mövcudluğu bir ölkənin hərbi bazasının Azərbaycanda yerləşdirməsini istisna edir. Lakin Türkiyə Azərbaycanda həqiqətən də hərbi baza yaradarsa, bu, münaqişənin həlli prosesinə yeni element və nüanslar əlavə edə bilər. Bu proses Azərbaycanın hərbi mövqeyini münaqişənin həlli bağlı imkanlarını genişləndirirsə, ölkəmiz “Qoşulmamaq Hərəkatı”ndan çıxmaqla bağlı müstəqil qərar vermək səlahiyyətindədir. Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, ölkəmiz münaqişənin həlli üçün real addımlar ata bilər və Ermənistan tərəfinin isə bu vəziyyətdə mövqeləri daha da zəifləmiş olar”-deyə vurğulayıb.
Rusiya ilə Türkiyə
qarşı-qarşıya?
Azərbaycanda hərbi baza yaradılmasının gündəmə gəlməsi və məsələnin reallaşacağı zaman regionun digər güclü dövləti Rusiya ilə Türkiyənin əlaqələrində problemlərin yarana biləcəyi ilə bağlı sualımıza isə politoloq belə aydınlıq gətirib: “Türkiyə ilə Rusiyanın çox ciddi iqtisadi əlaqələri var. İki dövlətin razılaşmasına görə ticarət dövriyyəsi 100 milyarda dollara çatacaq. Hazırda isə ticarət dövriyyəsi 40 milyard dollara çatır. Rusiyanın Ermənistanda hərbi bazasının olması Türkiyə ilə münasibətlərə xələl gətirməyib. Türkiyənin də Azərbaycanda hərbi bazasının olması Rusiya ilə əlaqələrə xələl gətirməməlidir. Rusiya da Türkiyənin mövqeyini başa düşməlidir. Rusiya həmsədr ola-ola Ermənistanda hərbi bazaya sahibdirsə, onun Türkiyəyə qarşı çıxmasında heç bir hüquqi arqument yoxdur. Rusiyanın iqtisadi maraqları da Türkiyə ilə münasibətlərin inkişafını vacib sayır. Rusiyada müəyyən hərbi-siyasi dairələr Türkiyənin baza yaratmaq perspektivindən narazılıq ifadə etsələr də, bu heç bir halda iki dövlət arasındakı münasibətlərdə ciddi fikir ayrılığı yaratmayacaq. Türkiyənin Azərbaycanda hərbi bazasının olması əslində heç bir dövlətə yönəlik bir addım deyil”.
Aqşin KƏRİMOV
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20