Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın bölgədə PKK terror təşkilatı təhlükəsini aradan qaldırmaq əzmi ilə bağlı açıqlamaları Qərb dövlətləri, xüsusilə Parisdə narahatlıq doğurub. Fransa Prezidenti Emmanuel Makron bu qanlı təşkilatın Suriya qanadı - YPG-yə açıq dəstək verdiyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti Türkiyə liderinin xəbərdarlığına istinadən yazır: “Bu separatçı qatillər ya dərhal silahlarını torpağa basdıracaqlar, ya da silahları ilə birlikdə toprağın altına basdırılacaqlar”.

Nəşr qeyd edir ki, Fransa lideri Türkiyə Prezidentinin sözlərinə cavab olaraq bir qrup səfirlə görüşdə deyib ki, Fransa terrorçu YPG/PKK-nı “yalnız qoymayacaq”.

Eyni zamanda, E.Makron Qərbi “Suriyanın yeni hakimiyyətinə dəstək verməməyə” çağırıb.

Qəzet yazır ki, Fransa Suriyada terrorçulara himayədarlıq edən yeganə Avropa ölkəsi deyil. “Qərbin terrorizmə sevgisi səngimək bilmir. Hələ Fransa Prezidentindən əvvəl Berlində YPG/PKK-ya dəstək elan edilmişdi”, - deyə “Sabah” Almaniyanın xarici işlər naziri Annalena Berbokun Suriyadakı vəziyyətlə bağlı açıqlamalarına diqqət çəkib.