Azərbaycan Turizm və Menecment Universitetində (ATMU bakalavriat və magistratura (əyani) səviyyələrində) 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına start verilib.

"Unikal" xəbər verir ki, universitetdə keçirilən  “Açıq qapı” günündə qış imtahan sessiyasının gedişatını izləyən  ATMU-nun rektoru İlham Mədətov şəffaflığı qorumaq, neqativ hallara imkan verməmək məqsədilə İmtahan Qərargahına ünvanlanan hər bir şikayətin vaxtında cavablandırılacağına, qarşıya çıxan nöqsanların isə aradan qaldırılacağına əminliyini bildirib.İmtahan nəticələrindən narazı qalan tələbələrdən ötrü Apellyasiya Komissiyasının yaradıldığını və “Qaynar xətt”in gün ərzində açıq olduğunu deyib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası 28 dekabr 2024-cü il tarixində başlayaraq 5 həftə müddətində keçirilir. Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 03-14 fevral 2025 tarixlərində olacaq. ATMU-da 3 fakültə üzrə bakalavriat və magistratura səviyyəsində təhsil alan ümumi 2020 tələbə qış imtahan sessiyasına qatılıb. İmtahanlar yazılı, şifahi, təqdimat, test və elektron yazılı formada təşkil olunub.Üzrlü səbəblərdən sessiya imtahanında iştirak etməyən tələbələr isə 05-12 fevral 2025-ci il tarixlərində imtahan verə biləcəklər.

İmtahan sessiyası Azərbaycan Respublikası elm və təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2024-cü il 11 dekabr tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq universitetin dekanlıq və kafedra nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təşkil olunan “Açıq qapı”günündə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar Rəhimzadə, BDU-nin Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyev, QHT nümayəndələri, İmtahan Qərərgahının digər üzvləri və valideynlər iştirak ediblər.

2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına opeartiv nəzarət, tələbələrin biliyinin qiymətləndiriməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə ATMU-da yaradılan İmtahan Qərargahının sədri rektor İlham Mədətov, müavinləri prorektorlar Zaur Bağırov, İranə Əliyeva,Araz Aslanlı və qərərgah üzvləri Milli Məclisin deputatları, valideynlər, QHT nümayəndələri və digər universitetlərin professor müəllim heyətidir.