Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 14 yanvar tarixində “Zəfər” İB-nin ofisində millət vəkilləri ilə Vətən uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin ailə üzvlərinin görüşü keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, komitənin müavini Jalə Əliyeva, komitə üzvləri olan millət vəkilləri Mehriban Vəliyeva, Günay Ağamalı və Səbinə Xasayeva, eləcə də 25 şəhid ailəsinin üzvləri iştirak ediblər.
Səmimi və ehtiram dolu bir mühitdə keçən görüş zamanı şəhid ailələrinin üzvləri onları narahat edən məsələləri dilə gətirərək öz suallarını ünvanlayıblar.
Görüş iştirakçılarının fikirlərini diqqətlə dinləyən millət vəkilləri, şəhid ailələrinin rifahının və onlara göstərilən qayğının dövlətimizin prioritetlərindən biri olduğunu vurğuladılar. Bildirildi ki, görüş zamanı qaldırılan problemlərin həlli istiqamətində bütün mümkün dəstək göstəriləcək və bu məsələlərin həlli diqqət mərkəzində saxlanılacaq.
Rəsmi hissədən sonra görüş çay süfrəsi arxasında davam edib. Görüşün sonunda xatirə şəkli çəkilib.