İstedadlı bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, musiqişünas alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalovanın böyük simfonik orkestr üçün bəstələdiyi "Feuertempel – Atəşgah – Od məbədi" əsəri ifa edilib.
"Unikal" xəbər verir ki, Almaniyanın 7 müxtəlif şəhərində teatr səhnələrində ilk dəfə səsləndirilən əsər tamaşaçıların böyük marağına səbəb olub, dərin rəğbətlə qarşılanıb.
Bəstəkar bu konsertlərdən üçünə qatılaraq tamaşaçılarla şəxsən görüşüb, əsər haqqında düşüncələrini bölüşüb.
Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin dosenti Xədicə Zeynalova Almaniyada ilk dəfə beynəlmiləl tərkibli "Bridge of Sound" orkestrinin və "Harmony of Sound" adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəridir. 2024-cü ildə Almaniyada "İlin ən yaxşı bəstəkarı" adına və “Artist in Residence" nominasiyasına layiq görülən ilk azərbaycanlı bəstəkardır. Əsərləri dünyanın bir çox ölkəsində konsertlərdə, festivallarda ifa edilir.