Vəkil Mirdamət Qədirli Bakı Baş Gömrük İdarəsinin fəaliyyətindən narazıdır.
"Unikal"a açıqlama verən vəkil bildirib ki, 05.12.2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin rəisinin adına Kontrafakt (pirat) malların ölkəyə kim tərəfindən gətirilməsi ilə bağlı vəkil sorğusu verib. Həmin sorğu Bakı Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən 05.12.2024-cü il tarixdə qəbul edilib, lakin 17.01.2025-ci il tarixinə kimi, yəni sorğunun qəbul edilməsindən 43 gün keçməsinə baxmayaraq onun sorğusuna heç bir cavab verilməyib. Vəkilin sözlərinə gorə, dəfələrlə Bakı Baş Gömrük İdarəsində olsa da, sorğuya cavab ala bilməyib:
"Belə çıxır ki, Bakı Baş Gömrük İdarəsi “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası qanunu”na riayət eləmir. Çünki həmin qanunun 10.1-ci maddəsində qeyd edilir ki, bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Əgər adı çəkilən idarə başqa qanunla işləyirsə desinlər həmin qanunun tələbinə uyğun olaraq müraciət edək"- deyə, vəkil bildirib.
Mirdamət Qədirli onu da vurğuladı ki, Bakı Baş Gömrük İdarəsində vətəndaş süründürməçiliyi vardır. Sonda vəkil gömrük rəhbərliyinin bu halı nəzərə almasını və icra intizamını pozan şəxsin cəzalandırmasını xahiş edib.
Vəkil həmçinin onu da qeyd edib ki, onun sorğusuna cavab 17.01.2025-ci il tarixdə Gəncə Kommersiya Məhkəməsində keçiriləcək hazırlıq iclasına təqdim edilməsi üçün zəruridir".
Seymur Əli