Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Mənzil İnşaatı Dövlət Agentliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə rayon ərazisində yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirib.

"Unikal" xəbər verir ki, tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndələri, 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri, partiya fəalları, rayon ərazisində yaşayan 20 Yanvar şəhid ailələri və əlilləri iştirak edib. 

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov qeyd edib ki, 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. Odur ki, 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi istər respublikamızda, istərsə də ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulur, hörmətlə anılır.

“20 Yanvar faciəsi elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu Sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu. Hesab edirəm ki, 20 Yanvar faciəsi olmasaydı, bəlkə də Azərbaycan xalqının müstəqilliyə qovuşması müşkül olardı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır.

Sonra tədbirdə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi, 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin daim əziz tutulduğunu xatırladan rayon təşkilatının sədri, həmçinin, əlavə edib ki, şəhid ailələrinə, eləcə də o qanlı hadisələrdə öz sağlamlıqlarını itirən əlillərə də hər zaman diqqət və qayğı göstərilib. Onların sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb.

Qeyd olunub ki, 1990-cı il 20 Yanvar günü Azərbaycan xalqının bütün dünyaya qəhrəmanlığını, rəşadətini göstərdiyi gündür. Hər il xalqımız bu qəhrəmanlıq tarixini yüksək səviyyədə qeyd edir, faciənin qurbanlarını hörmət və ehtiramla yad edir.

Rayon təşkilatının inzibati binasında keçirilən tədbirin sonunda təşkilatçılar tərəfindən 20 Yanvar şəhid ailələrinə və əlillərə sovqat verilib.