Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50 radələrində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. 

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub. 

Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb. 

Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib.

Xəlil Əliyev

***14:40

İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar polis əməkdaşının qardaşı övladlarıdır.

"Unikal"ın əldə etdiyi məlumata görə, qəzada xəsarət alan yol polis inspektoru ağır vəziyyətdədir.

Yaralıların müalicəsi davam etdirilir.

***14:07

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb. 

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.