Yanvarın 17-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Şağlakücə kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbulda icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
İcra başçısı vətəndaşların müraciətlərini həssaslıq, səbr və diqqətlə dinləyib, qaldırılan bütün məsələlərə nəzarət olunduğunu və hər bir müraciətin nəticəsi barədə vətəndaşlara qanunamüvafiq formada cavablar veriləcəyini diqqətə çatdırıb. Səyyar görüşdə yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan məsələlər yerindəcə həllini tapıb, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə səlahiyyətli şəxslərə aidiyyəti qurumlara rəsmi müraciətlərin ünvanlanması tapşırılıb.
Şağlakücə və Bəlləbur kəndlərinin sakinləri fikir və istəklərini könüllü, sərbəst və maneəsiz ifadə ediblər, onlara göstərilən diqqət və qayğıya, eləcə də cari ilin əvvəlindən minimum əmək haqqının və ehtiyac meyarının artırılması fonunda maaş və pensiyaların, müavinətlərin artmasına, bütövlükdə sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.