Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)  Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Özbəkistan həmkarlar ittifaqları nümayəndələri üçün təlimlərə başlanılıb.

"Unikal" xəbər verir ki, təlim proqramının açılışında çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev Özbəkistan nümayəndə heyətini salamlayıb, Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətlərindən, həmkarlar ittifaqları səviyyəsində inkişaf edən əlaqələrdən danışıb, təşkil olunan təlimlərin iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlığın dinamik inkişafının göstəricisi olduğunu vurğulayıb.

Sonra AHİK-in gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən və tətbiq edilən yeniliklərdən bəhs edən videoçarx nümayiş olunub.AƏSMA-nın rektoru vəzifələrini icra edən Yusif Ağayev Akademiyanın fəaliyyəti, tədris prosesi barədə məlumat verib, təlimlərin özbəkistanlı həmkarlarımız üçün faydalı olacağını qeyd edib.

Üç gün davam edəcək və AƏSMA-nın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində təşkil olunan təlimlərin ilk günü AHİK-in Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi şöbəsinin müdiri Tural Süleymanov “Əmək hüquqları və sosial ədalət - yerli və beynəlxalq təcrübə və yanaşmaların mübadiləsi”, AHİK-in Əməyin və sağlamlığın mühafizəsi şöbəsinin müdiri Adil Rəhimli “Əməyin mühafizəsi sahəsində texniki əmək müfəttişlərinin yenidən hazırlanması və ixtisas artırılması qaydaları”, Bakı Dövlət Universitetinin professoru Mayis Əliyev isə “Təhlükəsiz iş şəraitinin və əməyin mühafizəsinin təmin edilməsi zərurəti barədə məlumatlandırma və izahat işlərinin aparılması” mövzularında Özbəkistan həmkarlar ittifaqlarının nümayəndələrinə təlim keçiblər. Təlimlər zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.