Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35, mənzil 6  ünvanında fəaliyyət göstərən, fiziki şəxs Musayev Nəcməddin Fərman oğluna məxsus “Amin Kabab Evi” ictimai iaşə obyektində yoxlama keçirib.

"Unikal" xəbər verir ki, baxış zamanı iaşə obyektində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, istifadə olunan toyuq və qoyun ətlərinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərinin mövcud olmadığı, döşəmə, divar və tavanın tamlığının pozulduğu və gigiyenik materialdan təşkil edilmədiyi, alət və avadanlıqların korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.