Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) poçt rabitəsi operatoru “Zamex” MMC-nin nümayəndələri ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, İKTA-nın İstehlakçı hüquqları şöbəsinin müdiri Sarvan Cəbrayılzadə görüşün əsas məqsədinin adıçəkilən poçt rabitəsi operatoru ilə bağlı son zamanlar İKTA-ya daxil olan şikayətlərin sayının artması olduğunu bildirib.
Şirkətin nümayəndəsi Küşvər Quliyeva vətəndaş şikayətlərinin artmasının səbəbinin ABŞ və Almaniyadan edilən sifarişlər üzrə “Zamex” MMC-yə məxsus anbarlarla bağlı olduğunu diqqətə çatdırıb.
O qeyd edib ki, həmin anbarlarda problemin yaşanması səbəbindən çatdırılma prosesində gecikmələr müşahidə olunub və bu barədə istifadəçilərə SMS bildirişi göndərilib. Həmçinin bununla bağlı poçt rabitəsi operatorunun rəsmi səhifəsində paylaşım edilib.
“Zamex” MMC-nin nümayəndəsi bildirib ki, hazırda ABŞ-dəki anbarın yerinin dəyişdirilməsi ilə müvafiq problem həll edilib və bağlamaların Bakıya çatdırılması üçün reyslər təyin edilib. Eyni zamanda Almaniya anbarında olan çətinliklər də aradan qaldırılıb.
Müzakirələr zamanı İKTA rəsmiləri xidmət səviyyəsinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılması üçün əlavə addımların atılmasının vacib olduğunu, bu istiqamətdə tənzimləyici qurumun səlahiyyətləri çərçivəsində dəstək verə biləcəyini əlavə ediblər.