Məlum olduğu kimi, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.
Mövzu ilə bağlı “Unikal”a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib ki, Minsk qrupu 1992-ci ildə ATƏT tərəfindən Azərbaycan və Ermənistan arasında baş verən müharibə ilə bağlı yaradılmışdı:
"Bunun məqsədi o idi ki, Dağlıq Qarabağ problemi həll edilsin. Hazırda isə belə bir problem yoxdur. Azərbaycan öz suveren hüquqlarından istifadə edərək torpaqlarını işğaldan azad edib. Bu gün Azərbaycan Ermənistanla şərti sərhədə qədər olan ərazini nəzarətdə saxlayır.
Buna görə də, beynəlxalq təşkilatın nəzdində Azərbaycana aid olmayan bir qurumun saxlanılması düzgün hesab edilmirdi. Azərbaycan dəfələrlə onun buraxılması məsələsini qaldırıb", - deyə o qeyd edib.
A.Mirzəzadə xatırladıb ki, 8 avqustda Vaşinqton görüşü zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Nazirlər Şurasına müraciət edərək Minsk qrupunun buraxılmasını xahiş etdilər: "Qurum müəyyən məsləhətləşmələr həyata keçirdi və qrupun buraxılması qərarına gəldi. Əslində, Minsk qrupunun qalması hər hansı bir rol oynamırdı, çünki problem mövcud deyildi. Problem yox idisə, deməli qurumun qalmasına da ehtiyac yox idi.
İş burasındadır ki, bunun formal olaraq qalması gələcəkdə hansısa bir məsələdə erməni millətçilərinin və ya Azərbaycanı sevməyən müəyyən xarici dairələrin Azərbaycana qarşı siyasi həmlələri üçün bir söykənək yeri ola bilər. Bu baxımdan, mövcud olmayan problem üçün qalan qurum ləğv edildi. Bununla da Azərbaycan öz suveren hüquqlarını bir daha təsdiqlədi.
Vurğulamaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi artıq paraflanıb. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını götürdükdən sonra sülh müqaviləsi imzalanacaq və hər iki tərəf arasında normal münasibətlər bərpa ediləcək".
Murad İbrahimli