Keniya Prezidenti Uilyam Rutonun rəsmi saytı kiberhücuma məruz qalıb. Hakerlər saytı ələ keçirərək 319 min ABŞ dollarına ekvivalent olan beş "Bitcoin" məbləğində pul tələb ediblər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkə başçısının saytının əsas səhifəsində ənənəvi rəsmi xəbərlərin yerini dövlət rəhbərini nüfuzdan salan mesaj, kriptovalyuta hesabının nömrəsi tutub. Kibercinayətkarlar irəli sürdükləri şərtlərin saat 18:00-dək icra olunmayacağı halda bəzi məxfi detalları ictimailəşdirəcəkləri barədə xəbərdarlıq ediblər.

"Haqqınızda olan bütün detalları ifşa etməzdən əvvəl bu, sizə ünvanlanan üçüncü xəbərdarlıqdır. Göstərilən hesabımıza 5 "Bitcoin" göndərin", - deyə hakerlərin bəyanatında vurğulanır.

Məqalədə qeyd olunur ki, ölkə rəhbərliyi saytın sındırıldığını rəsmən təsdiqləyib. Hazırda informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssislər qrupunun problemi aradan qaldırmaq üçün çalışdığı bildirilib.