"2025-ci ildə Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinə 4.94 milyard manat vəsait ayrılıb. Bu, ÜDM-in 3.8%-ni, dövlət büdcəsi xərclərinin isə 12%-ni təşkil edir. Təhsil büdcəsinin ötən illə müqayisədə 8.5% artması müsbət irəliləyiş olsa da, bu dünya təcrübəsi ilə müqayisədə hələ də təhsilin maliyyələşdirilməsində ciddi inkişaf probleminin olduğunu göstərir".
"Unikal" xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, inkişaf etmiş ölkələrdə təhsil xərclərinin ÜDM-də payı adətən 4-6% arasında dəyişir:
"Məsələn, İsveçrə və Danimarka kimi ölkələr bu göstəricini 6%-ə qədər artırır. OECD ölkələrinin orta göstəricisi isə 4.9%-dir. Azərbaycanın 3.8%-lik göstəricisi dünya ortalamasından aşağıdır və bu sahədə əlavə investisiyaların vacibliyini göstərir. Dövlət büdcəsi xərclərində təhsilin payı dünya miqyasında 15-20% arasında dəyişir. Məsələn, Finlandiya və Norveçdə bu göstərici 20%-ə çatır. İnkişaf etməkdə olan ölkələrdə, məsələn, Malaziyada bu rəqəm 15-18% təşkil edir. Azərbaycanın 12%-lik göstəricisi isə orta səviyyədədir. Lakin müasir dövrdə beynəlxalq rəqabətliliyi artırmaq və təhsilin keyfiyyətini yüksəltmək üçün bu göstəricinin artırılması qaçılmazdır"
Ekspert qeyd edib ki, sadəcə təhsil büdcəsini artırmaq kifayət deyil, həm də bu vəsaitlərin düzgün istiqamətlərə yönəldilməsi vacibdir: "Müəllimlərin maaşlarının artırılması, məktəblərin infrastrukturlarının yaxşılaşdırılması, innovativ təhsil proqramlarının və texnologiyaların tətbiqi əsas prioritetlərdən olmalıdır. Cənubi Koreya kimi ölkələrdə təhsilə ayrılan vəsaitin əsas hissəsi innovasiya və texnologiyalara yönəldilir ki, bu da onların qlobal reytinqlərdə yüksək yerlərə yüksəlməsinə səbəb olur. Azərbaycanın təhsil sahəsinə ayrılan büdcəsinin artımı müsbət olsa da, hədəf beynəlxalq standartlara uyğunlaşmaq olmalıdır.
Təhsilin maliyyələşdirilməsinin artırılması yalnız iqtisadi inkişaf üçün deyil, həm də sosial rifah və cəmiyyətin hərtərəfli inkişafı üçün vacibdir. ÜDM-də və dövlət büdcəsində təhsilin payının artırılması ilə yanaşı, bu xərclərin effektiv idarə edilməsi, şəffaflıq və resurslardan düzgün istifadə müasir təhsil siyasətinin əsas prioritetləri olmalıdır. Beynəlxalq təcrübə göstərir ki, təhsilə qoyulan investisiya uzunmüddətli perspektivdə cəmiyyətin gələcəyinə qoyulan ən böyük sərmayədir".