Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri sürətlə davam etdirilir. 

Bu barədə "Unikal"a AAYDA-dan məlumat verilib.

Bildirilir ki, Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən əsas yol üzərində yerləşən körpünün əhəmiyyəti nəzərə alınaraq tikinti işləri ətrafda yaşayan vətəndaşların istirahətinə maneə yaradılmadan gündüz və sutkanın qaranlıq saatlarında aparılır.

Tərtib olunmuş qrafikə uyğun tikinti işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

Yeni körpü 3 aşırımdan ibarət olmaqla uzunluğu 104 metr təşkil edəcək. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur. Körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisi də nəzərdə tutulub. 

4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir. 

Aparılan işlər çərçivəsində mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işləri yerinə yetirilib. “İnşaat Norma və Qaydaları”na əsasən hazırda yeni körpünün dayaqlarının inşası istiqamətində işlər davam etdirilir. 

Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. 
Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.

Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.

Qərara əsasən, mövcud körpünün sökülməsi və yeni körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunub.