Los-Anceles dairəsinin təxminən 31 min sakini yeni Hughes meşə yanğını ilə əlaqədar məcburi təxliyə bildirişləri alıb.

"Unikal" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CBS News məlumat yayıb.

Bundan əlavə, daha 23 min insana da təhlükə zonasını tərk etmələri lazım ola biləcəyi barədə xəbərdarlıq edilib.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti bildirib ki, yeni yanğının sahəsi 9,2 min akr (təxminən 37 kv. km) qədər artıb. 

Xatırladaq ki, yanvarın 7-də Los-Ancelesdə güclü  meşə yanğınları başlayıbŞ, ilk olaraq Sakit Okean Palisades sahil ərazisi təsirlənib, ardınca daha bir neçə yanğın baş verib. Vəziyyəti qasırğalı küləklər daha da gərginləşdirib, bu da yanğının yayılmasına səbəb olub. 180 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb,  minlərlə bina yanıb. 

Təbii fəlakət nəticəsində 27 nəfər həyatını itirib. 

Gülayə Mecid