Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdlərinin Bakı Mühəndislik Universitetinə (BMU) ekskursiyası təşkil edilib.
"Unikal" xəbər verir ki, əvvəlcə məktəblilər universitetin kampusu, həmçinin tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən infrastrukturla tanış olublar.
Sonra BMU-nun biologiya və kimya mühəndisliyi laboratoriyalarına baş çəkən şagirdlərə tələbələrin burada təcrübə dərsləri, o cümlədən müstəqil elmi-tədqiqat işləri, analitik, biokimyəvi təhlillərin aparılması üçün mövcud olan ən müasir cihaz və avadanlıqlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, nəzəri biliklərin təcrübə ilə möhkəmlənməsini təmin edən laboratoriyalarda tələbələr kimyəvi reaksiyaları, müxtəlif cihaz və avadanlıqlardan istifadəni müəllimlər, eləcə də laboratoriya assistentlərinin nəzarəti altında həyata keçirirlər.
Ekskursiya zamanı şagirdlərə “Dizayn” ixtisasında təhsil alan tələbələrin əl işləri də nümayiş etdirilib.
Sonda məktəblilər BMU Texnoparkında texnoloji ideyaları gerçəkliyə çevirmək üçün yaradılmış texniki imkanlarla tanış olub və universitet komandalarının hazırladığı müxtəlif startaplara baxıblar.
BMU ilə tanışlıq şagirdlər tərəfindən maraqla qarşılanıb.