Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “SABAH” qruplarının 2015-2018-ci il məzunu Nadir Şükürov ADA Universitetinin İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Milan Politexnik Universitetində doktorantura (PhD) təhsili almaq hüququ qazanıb.
"Unikal" xəbər verir ki, AzMİU-nun məzunu Nadir Şükürov doktorantura təhsili müddətində Milan Politexnik Universitetinin professorları ilə birgə “Taktiki şəhərsalma dizaynı və müasir yanaşmalar” mövzusunda elmi-tədqiqat aparacaq. Adıçəkilən tədqiqat işi müasir şəhərsalma proseslərinin innovativ yanaşmalarla inkişaf etdirilməsini əhatə edir.
Məlumat üçün bildirək ki, məzunumuz Nadir Şükürovun uğurları bununla bitmir. O, şəhər infrastrukturu və nəqliyyat layihələrinə də mühüm töhfələr verib. Bakı şəhərində “Velosiped yolları”, həmçinin Ukrayna dairəsinin “Müasir turbo tipli dairəvi hərəkət sxeminin həndəsi dizaynı” layihələrinin müəllifi olub.