Aktau yaxınlığında AZAL-a məxsus olan Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzasının səbəbləri ilə bağlı qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi təmin olunacaq.

"Unikal" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışı zamanı deyib.

"Ötən ilin sonunda ölkəmiz və xalqımız üçün böyük faciə hesab olunan “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Rusiya hava məkanında kənar fiziki və texniki müdaxilə nəticəsində Aktau şəhəri yaxınlığında qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hadisənin səbəblərinin araşdırılması üçün Baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılmış və dövlət başçısının tapşırığına əsasən cinayət işi başlanılmışdır.

Qazaxıstan Respublikası və Rusiya Federasiyasının prokurorluq və digər aidiyyəti qurumları ilə hadisənin baş verməsinin əsl səbəblərinin müəyyən edilməsi istiqamətində hazırda qarşılıqlı əməkdaşlıq şəraitində istintaq hərəkətləri davam etdirilir və qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi təmin olunacaqdır", - o bildirib.

Qeyd edək ki, Aktau yaxınlığında baş vermiş qəzada təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər isə sağ qalıb.