Dumanlı hava şəraiti müşahidə olunur.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarında dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır.

Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır.

"Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir”.

*** 12:28

Bakıda və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şərq rayonlarda az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.