Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2024-cü il tarixli 253 nömrəli qərarına əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.
"Unikal" xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 7 noyabr 2024-cü il tarixli əmri ilə Akademiyanın yeni strukturu təsdiq edilmiş və həmin struktur 1 yanvar 2025-ci il tarixindən qüvvəyə minmişdir. Akademiyanın yeni strukturuna uyğun olaraq, kadr potensialının formalaşdırılması üçün yeni struktur bölmələrə işə qəbul prosesi həyata keçirilməkdədir.
Bu proses çərçivəsində həyata keçirilən müsahibələr və seçimlər tamamlanmış, yeni struktur bölmələrdə fəaliyyət göstərəcək kadrlar müəyyən edilmişdir. Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev işə qəbul prosesindən uğurla keçmiş şəxslərlə görüşmüş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Rektor çıxışında vurğulamışdır ki, yeni struktur və kadr potensialı Akademiyanın qarşısında duran müasir tələblərə cavab verən innovativ layihələrin həyata keçirilməsində və Azərbaycan idmanının inkişafına töhfə verməsində mühüm rol oynayacaqdır.