“Əgər 70 yaşlı anama və bir ayağı olmayan, birinci qrup əlil qardaşıma nəsə olsa, buna görə keçmiş deputat, “Karat Holding”in rəhbəri Əsabil Qasımovla yanaşı, dövlət orqanları da birbaşa məsuliyyət daşıyır”.

"Unikal" xəbər verir ki, bunu jurnalist Aytən Məmmədova sosial şəbəkə hesabında etdiyi paylaşımında bildirib. 

“Vialon” tikinti şirkətindən şikayətçi olan jurnalist bildirir ki, Nəsimi rayonu Əlibəy Hüseynzadə 73 ünvanında yaşayan anası və birinci qrup əlil qardaşının yaşadığı evin divarına bitişik beşmərtəbəli binada söküntü işləri aparılıb. Nəticədə binadan qopan hissələr onların evinin damına tökülüb:

“Yanvarın 30-na keçən gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoyanda anam etiraz elədi, əhəmiyyət vermədilər. Düşündük ki, insandılar, sağı-solu bitişik yaşayış evləri olan binanı sökməyin təhlükəli olduğunu qanarlar, amma yox. Anamgil yatdığı yerdə gurultu qopup. Yuxarıdan bunlar sökməyə başlayanda damın üstünə tökülüb. Həmin vaxt bir ayağı olmayan adamın durumunu təsəvvür edin…O gecə özləri də gördülər ki, təhlükəli işlə məşğuldurlar, dayandırdılar. Yenə də texnika damın üstündədir, asta-asta öz işlərindədirlər. 70 yaşlı adam binanın başlarına uçacağından qorxaraq yaşayır”.

A.Məmmədova qeyd edib ki, “Vialon” şirkətinə ərazidə söküntünün qadağan olunması barədə Fövqəladə Hallar Nazirliyinin qərarı var.