Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayon təhsil sektorunun təşkilatçılığı ilə "2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Neftçala Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdən öncə təşkilatçı qurum rəhbərləri, əməkdaşları və bir qrup gənc tərəfindən Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, abidə önünə tər gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala rayon Gənclər və idman, həmçinin Təhsil sektorlarının, Neftçala Peşə məktəbinin məsul əməkdaşları, rayonun fəal gəncləri iştirak edib.
Tədbirin əvvəlində Neftçala Olimpiya İdman Kompleksində müxtəlif idman növləri üzrə yeniyetmə və gənclərin nümunəvi çıxışları və onların sağlam həyat tərzinin, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə qurulmuş idman alətlərində hərəkətləri izlənildi.
Görüşdə ilk Öncə Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Yığıncaqda çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala rayon Gənclər və idman sektorunun müdiri Araz Əhmədov, rayonun fəal gəncləri Anar Güllərli, Şəfəq Tağıyeva və Ramilə İmanlı Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, qəbul edilən sərəncam və fərmanlardan, gənclərin Ümummilli Liderin təşəbbüsü ilə keçirilən forumundan, Gənclər Gününün təsis olunmasından, əsası dahi şəxsiyyət tərəfindən qoyulan gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayonlarda gənclərin inkişafı üçün yaradılan şəraitdən, onlara verilən dəstəkdən və gənclərin sağlam mühitdə inkişaf etməsi üçün görülən dövlət siyasətindən, cəmiyyətimizin inkişafında gənclərin rolundan danışıb, onlara uğurlar arzulayıblar. Gənc nəslə göstərilən diqqətə, qayğıya və ölkə suverenliyinin bərpasına görə gənclər adından Cənab Prezident İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov hər zaman Azərbaycan gəncliyini gələcəyimizin davamçıları kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilmiş "2 Fevral Azərbaycan Gəncləri Günü"nün hər il ölkəmizdə böyük coşqu ilə qeyd ediməsini gənclərə göstərilən diqqət və qayğının baris nümunə olduğunu qeyd edərək, dövlət gənclər siyasətinin bu gün də uğurla həyata keçirilməsindən bəhs etdi. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, müasir gənclik ölkə başçısının müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişafına öz töhfəsini verməyə çalışır və Azərbaycan gənclərinə günü-gündən artan dövlət qayğısı nəticəsində bu gün ölkəmizdə vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənc nəsil yetişir. Məhz dövlətimizin gənclərə dəstəyi nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb və bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirilməsində Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini qeyd edərək, rayonumuzda da bu sahədə əldə olunan uğurlara toxunub, Gənclər günü münasibəti ilə gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.
Tədbirdə gənclər sahəsində fərqlənən və uğurlar əldə edən bir qrup gənc fəxri fərmanlar ilə təltif olunublar.
Tədbirin sonunda gənclərlə xatirə şəkili çəkilib.