Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Bütöv, suveren və müasir Azərbaycanın Zəfər gəncliyinin yeni dövr üçün əsas vəzifələri” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Azərbaycan gənclərinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov bildiriblər ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin mühüm rolu olmuşdur. Ulu Öndər Heydər Əliyev hər zaman gənclərimizə böyük ümidlər bəsləmiş, onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri hesab etmiş, gənclərin təşkilatlanması və ictimai-siyasi fəallığının artırılması istiqamətində tarixi qərarlar qəbul etmişdir.
Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, istedadlı, vətənpərvər, yüksək bilik və bacarıqlı gənc nəslin yetişməsi, onların sosial rifahının yüksəldilməsi sahəsində böyük işlər həyata keçirilir. Göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanda milli məfkurəyə sadiq vətənpərvər və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir. Azərbaycan gənci qəlbindəki güclü Vətən sevgisi sayəsində 44 günlük Vətən müharibəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və Zəfər salnaməsi yazmışdır.
Çıxış edənlər 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rayon gənclərini səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və tariximizin yeni dövründə ölkəmizin gələcək inkişafı naminə işlərində uğurlar arzulayıblar.
Tədbirdə çıxış edən gənclər Tərlan Əhmədov, Nərmin Ömərli, Ülvi Əzizov, Jalə Muradlı və Vətən müharibəsi iştirakçısı Elnur Xəlilov ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc mükafatlandırılıb.