Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bələdiyyə seçkiləri ilə əlaqədar 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsi üzrə 19, 24 və 52 saylı seçki məntəqələri (Rəhimli bələdiyyəsi) ilə bağlı daxil olan müraciətlərə baxılıb.

 

"Unikal" xəbər verir ki, müraciətləri MSK-nın və Ekspert qrupunun üzvləri Fuad Cavadov, Qabil Orucov, Baxşeyiş Əsgərov təqdim ediblər.

Bəxşeyiş Əsgərov müraciətlə əlaqədar təqdim edilən seçki protokollarının surətlərinə məqsədli şəkildə müdaxilə edilərək saxtakarlığa yol verildiyini nəzərə çatdırıb: “Məsələn, protokolda namizədin 10 səs aldığı yazılıb, ancaq müraciətə əlavə edilən protokolun surətinə 1 rəqəmi əlavə edilərək, 110 səs göstərilib və bu, qanunsuzluq kimi təqdim edilib. Aydın olur ki, bu şəxslərin başında Rəhimli bələdiyyəsinin hazırkı sədri Rafiq Muradov durur. Rafiq Muradov bu bələdiyyə seçkilərində də namizəd olub. Bu hallar üzə çıxdıqdan sonra Rafiq Muradovla əlaqə saxlamaq mümkün olmadı. Müraciət əsassız sayılmalı və seçki protokollarında manipulyasiyaya yol verildiyi şübhəsi olduğu üçün bu seçki subyektləri ilə bağlı materiallar cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməlidir”.

MSK müraciəti əsasız sayıb. Eyni zamanda müraciət edən seçki subyektləri ilə bağlı materiallarda cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməsi barədə qərar qəbul edilib.