Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər. Söhbət Rusiya ordusunun nəzarəti altında olan Ukrayna ərazilərini Kursk vilayətinin bir hissəsi ilə dəyişməkdən gedir.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Guardian” nəşrinə müsahibəsində bəyan edib.

Dövlət başçısının sözlərinə görə, Rusiya ilə danışıqlar başlayarsa, Moskvaya birbaşa ərazi mübadiləsini təklif etməyi planlaşdırır. Kiyev Ukrayna ərazilərinin əvəzində Kursk vilayətinin bir hissəsini təklif edəcək. “Biz bir ərazini digərinə dəyişəcəyik”, - deyə Zelenski qeyd edib.

Bununla yanaşı, Zelenski əlavə edib ki, işğal olunmuş Ukrayna ərazilərinin hansı hissəsini tələb edəcəyini hələ ki, bilmir.

“Hələ ki, bilmirəm. Baxarıq. Lakin bütün ərazilərimiz bizim üçün əhəmiyyətlidir, heç bir prioritet yoxdur”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Ukrayna ötən ilin avqustundan Rusiyanın Kursk vilayətində fəal hərbi əməliyyatlar aparır. “Deep State” xidmətinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın 400 kvadratkilometrdən çox ərazisinə nəzarət edir.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Kursk əməliyyatı Ukrayna üçün danışıqlarda güclü arqument ola bilər.