Fevralın 14-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Azərişıq” ASC 10 fevral – qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar yubiley- konsert proqramı keçirilib.
"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və “Azərişıq” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə icra başçısı Taleh Qaraşov, “Azərişıq” ASC sədrinin baş müşaviri Xalid Təhməzov, “Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elgün Məmmədov və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları Lənkəran şəhər Mədəniyyət Mərkəzinin foyesində qurumun fəaliyyətindən bəhs edən “Azərişıq - işıqlı 10 il” başlıqlı fotosərgi ilə tanış olublar.
Dövlət Himninin səsləndərilməsindən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra “Azərişıq” ASC-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov çıxışında bildirib ki, enerji siyasətimizin əsası Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə elektrik enerjisi sisteminin inkişafı daim prioritet məsələlər sırasındaolub, bu sistemin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi fəaliyyəti nəticəsində, ölkəmiz nəinki elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödənilməsini təmin edib eyni zamanda elektrik enerjisi ixrac edən respublikaya çevrilib. İcra başçısı bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən sözügedən strateji xətt uğurla davam etdirilərək, elektroenergetika sisteminin müasir çağırışlar və beynəlxalq tələblər səviyyəsində qurulması üçün bu gün də davamlı və ardıcıl islahatlar həyata keçirilir.
“Azərişıq” ASC sədrinin müşaviri Xalid Təhməzov bildirib ki, təmsil etdiyi qurum tərəfindən öz üzərinə düşən missiyanın layiqincə yerinə yetirilməsi məqsədilə ölkənin bütün ərazilərində genişmiqyaslı yenidənqurma və təmir işləri həyata keçirilir, şəbəkə infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl və innovativ texnologiyaların tətbiq edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. ASC sədrinin müşaviri qeyd edib ki, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən göstərilən xidmətlərin keyfiyyəti mütəmadi olaraq yüksəldilir, proseslərin məsafədən koordinasiya olunması, dayanıqlı və operativ əlaqənin təşkili üçün müasir texnologiyalar tətbiq olunmaqla “Çağrı mərkəzi” yenidən qurulmuş və abonent sorğuları qısa müddətdə cavablandırılır.
“Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elgün Məmmədov isə çıxışında qeyd edib ki, istismar müddəti bitmiş avadanlıqlar texniki baxımdan daha müasir və güclü avadanlıqlarla yenilənir, yeni yarımstansiyalar tikilir, uzun müddət istismarda olan naqil və açıq tipli hava xətləri yeni müasir tipli izolyasiyalı naqillər ilə əvəz olunur. İdarə rəisinin sözlərinə görə, hazırda region üzrə 25 kəndin elektrik təsərrüfatında yenidənqurma işləri davam etdirilir. 44 kəndin elektrik təsərrüfatında yenidən qurma işlərinin aparılması nəzərdə tutulub.
Daha sonra şəhid Şəhriyar Həbibinin anası Təranə Həbibova çıxış edib. Şəhid anası dövlətin hər zaman qayğısını və diqqətini hiss etdiklərini bildirib, buna görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı keçirilib.