"Biz İlham Əliyevlə bir neçə dəfə görüşmüşük. Mən dedim ki, Meğri məsələsini amerikalılarla, ruslarla, fransızlarla müzakirə etməyə başlaya bilərik".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib.
Köçəryan Azərbaycan lideri ilə Vaşinqtonda baş tutan söhbətindən bir epizodu da açıqlayıb: "Biz təkbətək danışanda dedi ki, Meğri məsələsində sizin probleminiz nədir? Cavab verdim ki, birinci problem İranla sərhəddir. 4 ölkə ilə sərhədimiz var, bir ölkə ilə müharibə aparırıq, bir ölkə ilə böyük problemimiz var, bu sərhədi itirə bilmərik. Gəlin, fikirləşək ki, İranla sərhədi itirmədən məsələni həll etmək üçün başqa hansı variantı tapa bilərik.
Dedim ki, məsələn, Sədərəkdə bizə ərazi versəniz, Sədərək vasitəsilə İranla quru sərhədimiz olacaq".
Köçəryan qeyd edib ki, İlham Əliyev bu halda Türkiyə ilə sərhədin itiriləcəyinə görə bu variantı rədd edib: "İndi bu variantın məqbul, hətta qarşı tərəf üçün başa düşülən bir həlli olmalıdır".
Ağarza Elçinoğlu