UEFA Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliyada “Benfika” və Fransanın “Monako” klubları arasında keçirilmiş cavab oyununda maraqlı hadisə baş verib.
"Unikal" xəbər verir ki, matçın gedişində hesab 3:3 olarkən baş hakim Qlenn Nyuberq mübahisəli epizoda baxmaq üçün VAR monitoruna yaxınlaşıb. Bu zaman yerli komandanın azarkeşlərindən biri qonaqların lehinə penalti təyin olunmasının qarşısını almaq üçün əlində tutduğu pulu referinin gözləri qarşısında yelləməyə başlayıb. İsveçli hakim buna əhəmiyyət verməsə də, sonra 11 metrlik cərimə zərbəsi təyin etməyib.
Qeyd edək ki, iki görüşün nəticəsinə əsasən 4:3 hesablı qələbə qazanan “Benfika” 1/8 final mərhələsinə vəsiqə qazanıb. Lissabon təmsilçisi bu raundda İspaniyanın “Barselona” və ya İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.