Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.
Hulusi Akar dövlət başçısına xatirə hədiyyəsi kimi qılınc təqdim edib.
"Unikal"ın məlumatına görə, qılınc ölkə lideri üçün xüsusilə hazırlanıb və zəfərimizi əks etdirir. Belə ki, qılıncın üzərində ərəbcə bu sözlər yazılıb: "Bismillahir-rəhmanir-rəhim! Mən parlaq zəfər qazandım".
Xatırladaq ki, Hulusi Akar ötən ilin yanvar ayında İlham Əliyevə Osmanlı baltası hədiyyə etmişdi. Hədiyyə qazanılmış zəfəri əks etdirir. Şüşədən hazırlanmış soyuq silah İslam aləmində fəthin əldə edilməsi baxımından müqəddəs məna daşıyır. "Vekili Teber" adlanan balta 16-17-ci əsrlərə aid edilir. Onun əsli Topqapı Sarayında Sultanın Silah Kolleksiyasında saxlanılır. Tarixi eksponat əsasında xüsusi hazırlanmış hədiyyə isə, adətən, 24 karat qızıl və relyef dizaynları ilə bəzədilir.
Baltanın üzərində güzgülü şəkildə "Əl-Əziz" sözü yazılıb ki, bu da Allahın 99 adından biridir. Söz əzəmət, məğlub edilməsi mümkün olmayan, həmişə qalib gələn və sonsuz izzət və hörmət sahibi mənasını verir.
Ağarza Elçinoğlu