Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölüm faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məcidov Maqbet Xətai oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb. Məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.
Qeyd olunub ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.
**** 13:52
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib. Belə ki, Məcidov Maqbet Xətai oğlunun ölümünə səbəb ildırım sürətli vaskulit ilkin diaqnozudur.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.