Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağcabədi rayonu, Xocavənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək “MERCEDES” və "VAZ 2106" markalı minik avtomobilləri ilə toqquşması nəticəsində zəncirvari yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən edilib. 

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sıxılı vəziyyətdə qalmış meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yol-nəqliyyat qəzası zamanı 5 nəfər həyatını itirib. 

Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

*** 20:08

Ağcabədidə zəncirvari qəza olub.

"Unikal" trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobilin iştirakı ilə baş verən qəzada "VAZ”da olan sürücü və dörd nəfər sərnişin hadisə yerində ölüb.

Hazırda Ağcabədi Rayon Təcili Yardım Stansiyasının əməkdaşları hadisə yerində ölən və yaralıların aidiyyəti üzrə təhvil verilməsi üçün əraziyə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.