Sülh sazişinin mətni razılaşdırılıb.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Parlamentdə çıxışı zamanı açıqlayıb. 

Onun sözlərinə görə, sazişin mətnində dəhlizlə bağlı heç bir müddəa yoxdur: "Ümumiyyətlə, sazişin mətnində blokun açılması ilə bağlı heç nə yoxdur. Müxtəlif sahələrdə əməkdaşlıq etmək istəyi var - ikitərəfli, o cümlədən nəqliyyat, tranzit və iqtisadi məsələlərdə". 

Xarici işlər naziri saziş üzrə danışıqların yekunlaşdığını, mətnin razılaşdırıldığını bir daha təsdiqləyib: "Mən bunu ətrafımızdakı regionda, Ermənistan ətrafında münasibətlərin normallaşması və sülhün bərqərar olması üçün son dərəcə vacib hesab edirəm". 

Mirzoyan Ermənistanın sazişin vaxtı və digər detalları barədə razılığa gəlmək üçün Azərbaycanla məsləhətləşmələrə mümkün qədər tez başlamağı təklif etdiyini vurğulayıb.

Ağarza Elçinoğlu