"Bizim blokadanın aradan qaldırılması ilə bağlı yanaşmamız çox yaxşı məlumdur və dəyişməyib. Biz o yanaşmanı təqdim etmişik".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Parlamentdə çıxışı zamanı açıqlayıb. 

Onun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycan tərəfinə konstruktiv, qarşılıqlı məqbul təklif təqdim edib: "Təklif belədir: birincisi, dəmir yolları blokdan çıxarılsın, iki ölkəyə bir-birinin dəmir yolu şəbəkələrindən istifadə etmək imkanı verilsin. Bütün dünya kimi, biz də yüklərin daha rahat hərəkətini təmin etmək üçün sərhəddən keçid prosesini bir qədər sadələşdirə biləcəyimizə inanırıq. Amma əvvəlki kimi, bu, bizim üçün sarsılmaz bir anlayış və şərtdir ki, Ermənistan Respublikasının bütün dəmir yolları, bütün avtomobil yolları, infrastrukturları Ermənistan Respublikasının suverenliyi altında və qanunvericiliyə uyğun olaraq qalacaq və fəaliyyət göstərəcək.

Biz yenə də əvvəlki kimi hesab edirik ki, bu infrastrukturlara heç bir üçüncü tərəfin nəzarət etməsinə ehtiyac yoxdur. Yüklərin təhlükəsizliyini təmin etmək üçün sivil dünyaya məlum olan müxtəlif mexanizmlərdən istifadə etmək olar".

Ağarza Elçinoğlu