Martın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.
"Unikal" xəbər verir ki, tədbirdə bir sıra ölkələrdən elm adamları, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edirlər.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar edilmiş eksponatlardan ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək iştirakçıları salamlayıb. Bildirib ki, konfransın məqsədi mədəni irsin ən qədim nümunələrinin qorunması, təbliği, tədqiqi və tanıdılması üçün yeni ideyaların və həll yollarının müzakirə edilməsidir. Eyni zamanda tədbir vasitəsilə beynəlxalq və regional əməkdaşlığı gücləndirmək, mədəni irsin qorunması üçün yeni strategiyalar hazırlamaq və onların tətbiqinə dair mexanizmlər yaratmaq da qarşıya məqsəd qoyulub.
Nazir bildirib ki,Azərbaycanın zəngin mədəni irsinin ən qiymətli elementini ölkəmizdə yerləşən tarixəqədərki insan məskənləri təşkil edir. Belə ki, ibtidai insanların yaşadıqları çoxsaylı qədim məskənlər, xüsusilə də Azıx, Tağlar və Damcılı kimi mağara düşərgələri, həmçinin Qobustan qayaüstü rəsmləri bəşər sivilizasiyasının inkişaf mərhələlərinin öyrənilməsində mühüm rol oynayır. Bu abidələr sivilizasiya və mədəniyyətin beşiyi hesab edilməklə yanaşı, insanların fiziki və mənəvi inkişaf mərhələlərinin, kamilləşmə yolunun, əmək vərdişləri və yaşam tərzlərinin, həmçinin onların miqrasiya yollarının tədqiqi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Qədim insan məskənləri həm də xalqların mədəni irslərinin ilk rüşeymlərinin formalaşdığı və çiçəkləndiyi məkanlar kimi tarix, arxeologiya və etnoqrafiya ilə yanaşı, kulturologiya sahəsində də elmi təqdiqatlar üçün qiymətli mənbələrdir.
Adil Kərimli deyib ki, Mədəniyyət Nazirliyi bu cür tarixi-mədəni abidələrdə birgə elmi ekspedisiyaların aparılması, nəticələrin beynəlxalq səviyyədə müzakirəsi və daha da vacibi tədqiqat nəticələrinin həm elmi, həm də kütləvi mənbələrdə dərc olunaraq geniş ictimaiyyət arasında təbliğinə, gələcək nəsillərə çatdırılmasına töhfə verməyə hazırdır: "Eyni zamanda bu istiqamətdə beynəlxalq tərəfdaşlarla, aparıcı xarici elmi dairələrlə işləməkdə maraqlıyıq.
Bu da təsadüfi deyil, çünki cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli mədəniyyət siyasəti qayəsində ölkə ərazisində yerləşən bütün mədəni irsimiz, o cümlədən tarixi və mədəni abidələr etnik və dini mənsubiyyətindən asılı olmayaraq dövlət tərəfindən mühafizə, bərpa və təbliğ edilməsi dayanır. Dövlət başçısının çıxışlarında qeyd etdiyi kimi Multikultralizm Azərbaycan xalqının həyat tərzidir.
Qeyd olunanları nəzərə alaraq, konfransın gedişatında qədim insan məskənlərinin ortaq tədqiqi və təbliği ilə bağlı vahid platformanın təsis edilməsi məsələsinin də nəzərdən keçirilməsini təklif edirəm. Bu sahədə həyata keçirəcəyimiz çoxsəviyyəli beynəlxalq mübadilə proqramları yalnız dövlətlərarası və beynəlxalq təşkilatlar çərçivəsində olmamalı, həm də elmi institutlar, universitetlər, beyin mərkəzləri, muzeylər, hətta QHT-lər arasında da həyata keçirilməlidir".
Qədim insan məskələnlərinin milli və beynəlxalq səviyyədə mühafizə məsələsinə toxunan deyib ki, bu cür abidələrin həm universal səviyyədə (UNESCO çərçivəsində), həm də regional səviyyədə (ICESCO) mövcud irs siyahılarına salınması onların beynəlxalq tanınması ilə yanaşı, daha effektiv qorunması və saxlanması imkanları yaradır.
Lakin bununla belə, müasir dövrün çağırışları – xüsusilə də antropogen müdaxilələr, silahlı münaqişələr, post-münaqişə ərazilərində basdırılmış minalar və təbii hadisələr fonunda mövcud mexanizmlərin səmərələliyinin artırılması məsələsi gündəmə gəlir:
"Doğrudur, beynəlxalq hüquq silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Konvensiyası və onun iki əlavə protokolu maddi mədəni irsin (daşınar və daşınmaz) müharibələr zamanı toxunulmazlığının təmin edilməsini, o cümlədən qanunsuz arxeoloji qazıntıların qadağan edilməsini beynəlxalq öhdəlik kimi müəyyən edir. Lakin təcrübədə, təəssüflər olsun ki, bu normaların işlək olması sual doğurur.
Hərbi təcavüz və torpaqlarının bir hissəsinin 30 ilə yaxın işğal altında qalmış bir dövlət olaraq, biz bu acı həqiqəti öz təcrübəmizdə yaşamışıq. İşğalçı qüvvələr tərəfindən tarixi abidələr dağıdılmaq və xalqımıza məxsus zəngin və qədim eksponatlar talanmaqla yanaşı, dünyanın ən qədim insan məskənlərindən olan Azığ mağarasında qanunsuz arxeoloji ekspedisiyaların aparılması da müşahidə edilmişdir.
Bu xüsusda, düşünürəm ki, ikinci panel sessiya zamanı müzakirələr çərçivəsində həm də beynəlxalq təşkilatların mövcud mexanizmlərinin təkmilləşdirilməsi və monitorinq imkanların genişləndirilməsi yollarına da toxunulmalıdır. 2023-cü ilin sonunda UNESCO tərəfindən 1954-cü il Konvensiyasının II Əlavə Protokolunda əks olunan Monitorinq Mexanizmlərinin çərçivəsinin təsdiq edilməsi çox mütərəqqi addım idi. Bu mexanizm, yalnız münaqişə dövrü və postmünaqişə dövrünə deyil, həm də sülh dövründə effektiv olmalıdır. Həmçinin bu mexanizm dövlətlər tərəfindən eksterritorial mədəni irslərinin mühafizəsi ilə bağlı çağırışların cavablandırılmasında istifadəsi vacibdir".
Nazir çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Açılış mərasimində sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un baş katibi Sultan Raev, UNESCO-nun mədəniyyət və fövqəladə hallar üzrə direktoru Krista Pikkat və İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət İnstitutunun prezidenti Saad S. Xan çıxış edib, tədbirin əhəmiyyətini vurğulayıblar.
Daha sonra konfrans öz işini “Qədim insan məskənləri: mədəni irs bəşəriyyətinin beşiyi kimi”, “Dəyişən iqlim və silahlı münaqişə şəraitində qədim insan məskənləri”, “Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi” mövzuları üzrə panel iclaslarla davam etdirib.
Qeyd edək ki, martın 16-da başa çatacaq beynəlxalq elmi-praktiki konfrans Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Şuşa və Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəlikləri və AMEA-nın tərəfdaşlığı ilə gerçəkləşir.
Foto: Ayxan Məlikov