"Ədalət budur, ədalətin təntənəsi budur və mən bunu dəfələrlə demişdim, işğal dövründə keçmiş köçkünlərlə mənim onlarla, bəlkə də yüzlərlə görüşlərim olub. Həm yeni qəsəbələrin açılışında, həm müxtəlif tədbirlərdə. Biz heç vaxt ümidimizi itirməmişdik, ancaq ildən-ilə görürdüm məndə də, bütün insanlarda da, necə deyərlər, ədalətə inam azalırdı".

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev Suqovuşanda sakinlərlə görüşündə deyib:

"Çünki ədalət, necə deyərlər, mövqeyimizi gücləndirməli idi. Amma ədalət o vaxt zəfər çalır ki, iradən də var, gücün də var və haqqın da çatır. Bütün bu amillər bizdə olduğu üçün biz bu tarixi Zəfəri çaldıq. Bu Zəfərin, mən yenə də deyirəm, son onilliklər ərzində tayı-bərabəri olmayıb, bundan sonra da olmayacaq. Baxın, bu gün müxtəlif yerlərdə müharibələr gedir. O müharibələr həm uzun müddət ərzində gedir və həm də, necə deyərlər, real nəticə ilə nəticələnmir. Bizim qələbəmiz tam idi, mütləq idi, birmənalı idi və vaxtilə "Qarabağ Ermənistandır" deyən adam bu gün deyir: "Qarabağ Azərbaycandır!". Öz xoşu ilə yox, “dəmir yumruğ”un hesabına", - deyə dövlət başçısı qeyd edib.