"Sülh müqaviləsinin imzalanması istiqamətində atılan hər bir addıma mane olmaq istəyən müəyyən qüvvələr var. Bunlar həm Ermənistanın havadarları, sülhün olmasını istəməyən dövlətlərdir, həm də daxili müxalifət istəmir ki, tezliklə sülh müqaviləsi imzalansın".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib.
O bildirib ki, sülh müqaviləsinin əsas istiqamətləri sərhədlərdə üçüncü dövlətlərin qoşunlarının yığılmaması, Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğv edilməsi məsələləridir:
"Sülh müqaviləsindən sonra beynəlxalq səviyyədə bir-birinə qarşı imtiyaz məsələlərinin qaldırılmaması da razılaşdırılıb. Avropa İttifaqının vizual kəşfiyyatçılarından və silahlı qüvvələrindən ibarət şəxslər çalışırlar ki, Ermənistan silahlı qüvvələri bölmələrimizi atəşə tutduqdan sonra Azərbaycan adekvat cavab versin. Bundan sonra dünyaya yaysınlar ki, atəşkəsi Azərbaycan pozur və sülhün bərqərar olmasını istəmir. Digər məsələ odur ki, Ermənistanın müxtəlif sərhədlərində Rusiya Federal Təhlükəsizlik xidmətinin sərhəd qoşunları dayanır. Bunların funksiyasını azaltmaq üçün addımlar atırlar. Rusiyanı nüfuzdan salmaq istəyirlər ki, onlar Cənubi Qafqazda sülhün olmasını istəmir və buna çalışmırlar. Unutmaq lazım deyil ki, Ermənistan və Türkiyə sərhəddi NATO və Rusiya sərhəddidir. Ona görə bu sərhədlərdə nə qədər problem çox yaransa, Avropa İttifaqı və digərləri öz bəyanatları ilə çıxış edəcəklər. Hətta KİV-lərdə ABŞ, NATO qoşunlarının sərhəddə, Ermənistana daşınması kimi fikirlər yer alır. Bu, həmişə olub, təlimlə bağlıdır. Bunu qabartmaqda əsas məqsəd sülh müqaviləsinin imzalanmasına mane olmaqdır".
Komitə sədri Ermənistanda ehtiyat qüvvələrin yenidən təlimlərə çağırılması ilə bağlı qeyd edib ki, bu təlimlər aprel ayından başlayaraq 10-15 gün çəkirdi: "Bu dəfə isə həmin təlimlərin aprelin 1-dən iyun ayına qədər olması ilə bağlı elan verilib. Ehtiyat qüvvələrin çağırılması təlim xarakterlidir. Onlar düşünürlər ki, Azərbaycan Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılmasında hərbi yola gedə bilər. Guya, buna görə həmin çağırışı edirlər. Bunların hamısının problemi Ermənistan hakimiyyətinin hökuməti, dövləti tam şəkildə idarə edə bilməməsidir. Bunlar gah Avropaya, gah da digər qüvvələrə arxalanırlar. Azərbaycan özünün daxili və xarici siyasətinin müstəqil şəkildə həyata keçirərək hər bir təxribatın qarşısını almağa hazırdır. Ermənistanın baş nazirinin, xarici işlər nazirinin verdiyi bəyanatlarla ümumi məqsəd üst-üstə düşmür. Vaxtilə hökumət rəhbəri olmuş Koçaryanlar, Sarkisyanlar bilir ki, gələcəkdə sülh müqaviləsi imzalansa, onları da Arayik Harutyunyanların, Arkadi Qukasyanların və digərlərinin taleyi gözləyə bilər. Bu baxımdan ciddi cəhdlə çalışırlar ki, sülh bərqərar olmasın".
Zəngəzur dəhlizinin nə zaman açılacağına gəlincə, deputat bu məsələnin tək Ermənistanın istəyindən asılı olmadığını söyləyib:
"Bu dəhliz Çindən Avropaya gedən yoldur. İstər İran və yaxud digərləri bunun əleyhinə olsun, düşünürəm ki, Zəngəzur dəhlizi açılacaq. Nə zaman olacağı ilə bağlı proqnoz vermək çətindir. Amma 2025-ci ilə ümidlər çoxdur".
Anar Kəlbiyev