Ərdoğan administrasiyası müxalifəti İstanbul meriyasına dair araşdırmanı siyasiləşdirməyə çalışmaqda ittiham edir.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“İstanbul Baş Prokurorluğunun apardığı silsilə araşdırmalarda İstanbul Böyükşəhər Bələdiyyəsinin məsul işçiləri və digər şübhəli şəxslərin saxlanılması qərarından sonra biz görürük ki, müəyyən dairələr, xüsusilə də ana müxalifət partiyalarının liderləri siyasi və ideoloji səbəblərlə istintaqın bütövlüyünü pozmağa çalışırlar.
İstintaqın məzmunu və təfərrüatları tam dərk edilmədən verilən siyasi-ideoloji qiymətlər fonunda hörmətli prezidentimizə qarşı necə absurd ittihamlar irəli sürüldüyünün də şahidi olduq.
Türk xalqının adından çıxış edən məhkəmə sistemimizə elə hücumlar edilir ki, onu gözdən salmaqla yanaşı, prezidentimizə də kölgə salmağa çalışırlar. Biz bu cəhdlərə qəti şəkildə müqavimət göstərəcəyik və Prezidentimizin qanuni hüquqlarını bu cür ideoloji qarayaxma kampaniyalarından müdafiə etməyə davam edəcəyik.
Bir daha bildiririk ki, müstəqil məhkəmənin istənilən qərarı bütün tərəflər tərəfindən hörmətlə qarşılanmalıdır. Bu prosesdə biz dezinformasiya ilə mübarizəmizi davam etdirəcəyik.
Biz vətəndaşlarımızı yoxlanılmamış və şübhə doğuran materiallarla bağlı diqqətli olmağa, əvvəlki kimi, dövlət qurumlarının və məmurların rəsmi açıqlamalarına etibar etməyə çağırırıq”, - deyə Fəxrəddin Altun qeyd edib.